“Qanunsuz ov hallarında azalma tendensiyası müşahidə edilir”.
Arasdırma.info xəbər verir ki,bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
Xidmət rəisinin sözlərinə görə, keçən il Azərbaycanda qanunsuz ov edilməsi ilə bağlı 130 şəxs, o cümlədən 14 xarici vətəndaş saxlanılıb. Onlardan maddi sübut kimi 78 ədəd ov silahı, 1 000-ə yaxın patron götürülüb.
O bildirib ki, ümumilikdə həmin şəxslər barəsində 200 min manat məbləğində cərimə və ziyan tərtib edilib:
“Bu işlərdən 7-si polis orqanlarına, 134-ü icra şöbələrinə, 16-sı isə məhkəməyə göndərilib. Keçən ilin statistikası onu deməyə əsas verir ki, qanunsuz ov hallarında azalma tendensiyası müşahidə edilir. Misal olaraq, 4 il əvvəl il ərzində təkcə bizim əməkdaşlar tərəfindən saxlanılan yerli və xarici vətəndaşların sayı 200-ə yaxın idisə, 2021-ci ildə 193 şəxs olub. Keçən il isə həmin rəqəm 130 olub”.
“Vətəndaşlar anlamalıdır ki, qanunsuz ov halına yol verməklə tək qanunu pozmur, eləcə də müəyyən məhrumiyyətlərlə üz-üzə qala bilərlər. Çünki mövcud qanunvericiliklə ovladığı ova görə dəyimiş ziyanın dəyəri 1000 manatı keçərsə, bu halda cinayət tərkibi yarandığından həmin şəxs yüksək məbləğdə cərimə ilə yanaşı hətta həbs də oluna bilər. Bu gün hazırki qanunvericilikdə cərimələrin məbləğinin artırılması da nəzərdə tutulur və artıq bununla bağlı işlər də aparılır. Layihə müvafiq qurumlara göndərilib və bir çoxunun müsbət rəyi var. Yaxın zamanlarda layihənin təsdiqi üçün hökumətə təqdim olunması gözlənilir. Layihə təsdiq olunacağı təqdirdə həm heyvanların ovu üçün ödəmələrin miqdarının, həm də dəymiş ziyanının bir neçə dəfə artması nəzərdə tutulur”.
H.Əlizadə əlavə edib ki, ilin əvvəlindən bu günə qədər qanunsuz ov halı ilə bağlı artıq 16 nəfər saxlanılıb:
“Onlardan 14 ov silahı və çox sayda patron götürülüb. Bir daha bildiririk ki, yalnız müvafiq icazə əsasında müəyyən edilmiş saatlarda ov fəaliyyəti ilə məşğul olmaq olar. Əks halda qanunsuz ov edənlər ciddi nəzarət sistemi əsasında izlənilərək saxlanılacaq və cərimə olunacaqlar”.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70