Azərbaycanda müəllimlər zəlzələ bölgəsinə yardıma məcbur edilir? — ARAŞDIRMA

Oxunma sayı: 155
16-02-2023, 01:58

Azərbaycanda müəllimlər zəlzələ bölgəsinə yardıma məcbur edilir? — ARAŞDIRMA
Türkiyəyə yardım məqsədilə Elm və Təhsil Nazirliyi yanında İctimai Şurada təmsil olunan AGMA-nın rəsmi ərizə forması tərtib etdiyi bildirilir. İddia olunur ki, müəllimlər məcburi şəkildə həmin ərizələrə imza atırlar. Yəni, zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Yardım Fondunun hesabına müəllimlər maaşlarını könüllü şəkildə ödəməlidirlər.

Bakıda orta məktəblərin birində Kimya fənnini tədris edən Vəfa Qocayeva Demokrat.az-a açıqlamasında orta məktəblərdə belə blankların paylandığını təsdiqləyib:

"Bəli, bu cür blanklar bizə paylanılıb. Direktor hər birimizi çağırdı və təklif etdi ki, Türkiyədə zərərçəkmiş insanlara yardım edək. Yəni, bu sırf könüllü şəkildə olunur və bizim məktəbdə heç kəsdən edilməsi məcbur edilmir. İddia olunduğu kimi, əmək haqlarımızı tam ödəmirik, mən sadəcə 20 manat ödəniş etdim. Yəni, istənilən məbləği vermək mümkündür".
Azərbaycanda müəllimlər zəlzələ bölgəsinə yardıma məcbur edilir? — ARAŞDIRMA
Məsələ münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında qeyd edib ki, belə bir blankın hazırlanması tamamilə yanlışdır. Millət vəkili qeyd edib ki, bu hüquqa və qanunaziddir:

"Əgər belə bir şey varsa, dərhal yığışdırılmalıdır. Müəllimlərin buna məcbur edilməsi yolverilməzdir. Bu, könül işidir və insanların böyük əksəriyyəti həmin kampaniyaya qoşulub. İmkanı olmayan insanların isə buna məcbur edilməsi yolverilməzdir".

Başqa bir deputat Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyinin məsələyə dərhal münasibət bildirməsini vacib sayır:

"Bir neçə gündür ki, bu istiqamətdə məlumatların yayıldığını görürəm. Hesab edirəm ki, bu məsələyə Elm və Təhsil Nazirliyi də aydınlıq gətirməlidir. Yardım məsələsi könüllü formada olmalıdır. Hər bir müəllim bu yardım aksiyasına qoşulmaq istəyirsə, onda o, könüllü şəkildə bunu edə bilər. Burada hər hansı məcburiyyətdən söhbət gedə bilməz. Bu gün Azərbaycanda hər kəs könüllü şəkildə qardaş Türkiyəyə yardım edir. Kiminsə buna məcbur edilməsi doğru deyil. Bütün hallarda məsələyə Elm və Təhsil Nazirliyi öz münasibətini bildirməlidir".

Təhsil eksperti Elçin Əfəndi isə Demokrat.az-a açıqlamasında bildirib ki, sosial mediada konkret olaraq şablon hazırlandığı və müəllimlərin buna məcbur edilməsiylə bağlı çoxsaylı şikayətlər var:

"İstənilən halda, Elm və Təhsil Nazirliyinin məlumatı olmasa da, onun tabeliyində olan hansısa qurumun mütləq ki, bundan məlumatı var. Müəllimlərin onsuz da əməkhaqlarının necə olduğunu bilirik və onlar bugünədək imkanı çatdığı qədər qardaş Türkiyəyə yardım edib. Hətta, AFAD hesabına çoxsaylı yardım edən müəllimlərimiz də olur. Kiminsə nəyə imkanı çatıbsa edib. Müəllimlərdən bu qədər məvacibin yığılması yolverilməzdir. Bunu müəllim yalnız könüllü prinsip əsasında verməlidir".

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən saytımıza bildirilib ki, vəsaitlər könüllü şəkildə edilir və məcburi deyil.

Hələlik məsələ ilə bağlı Demokrat.az-ın Elm və Təhsil Nazirliyinə ünvanladığı sorğuya cavab verilməyib.

Paylaş
Xəbər lentİ