![]()
Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Hacı Murad Yagizarov sentyabrın 13-də Münxendə müalicə aldığı xəstəxanada vəfat edib.
AZƏRTAC xəbər verir ki, ağır xəstəliklə mübarizə aparan Hacı Murad Yagizarov Münxendə müalicə alırdı.
86 yaşlı Xalq artistinin vəfatı ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, nazirliyin kollektivi Xalq artisti Hacı Murad Yegizarovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, Hacı Murad Hacı Əhməd oğlu Yegizarov 1939-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. Orta məktəb illərindən səhnə sənətinə maraq göstərib, dram dərnəyində çıxış edib. 1958–1962-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsində (Xalq artisti Məhərrəm Haşımovun kursu) təhsil alıb.
1962-ci ildən sənət taleyini Azərbaycan Dövlət Rus Dram Teatrına bağlayan aktyor burada "Sən niyə yaşayırsan?", "Həyat necə də qısadır", "Pik saatı", "Öz yolunla", "Valentin və Valentina", "İvanov", "Qumluqdakı ev", "Aydın", "Şeyx Sənan", "Qurdlar və quzular", "Artist və onun kölgəsi", "Arzu tramvayı" və digər tamaşalarda yaddaqalan obrazlar qalereyası yaradıb.
1950-ci illərin sonundan filmlərə də dəvət alan aktyor “Böyük dayaq”, “Ulduz”, “Arşın mal alan” (1965), “Bir cənub şəhərində”, “Ən vacib müsahibə” və s. filmlərdə maraqlı rollar oynayıb.
Aktyorun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, 1974-cü ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə Dövlət mükafatına, 2009-cü ildə “Şöhrət”, 2019-cu ildə isə “Şərəf” ordenlərinə layiq görülüb.
Allah rəhmət eləsin!
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70