Cinayət Məcəlləsinə əlavə ediləcək 2 maddə nəyi nəzərdə tutur? - ŞƏRH

Oxunma sayı: 193
9-10-2022, 16:53

Cinayət Məcəlləsinə əlavə ediləcək 2 maddə nəyi nəzərdə tutur? - ŞƏRH
Milli Məclisin 11 oktyabr 2022-ci il tarixində keçiriləcək payız sesiyasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən məhkumluq və hüquqi şəxslər barəsində tətbiq edilən cinayət-hüquqi tədbirlər barədə yeni normaların əlavə olunmas nəzərdə tutulur.

İlk təklif məhkumluq ilə bağlı Məcəlləyə 83.1-1-cü maddənin əlavə edilməsi ilə bağlıdır. Buna əsasən, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır.

Digər dəyişikliklər isə hüquqşi şəxslər barəsində tətbiq edilən cinayət-hüquqi tədbirlər ilə əlaqədardır.

Belə ki, əlavə olunması nəzərdə tutulan 99-5.5-ci maddəyə əsasən, əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxsə yenidən cərimə və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbir təyin olunarkən müvafiq olaraq Cinayət Məcəlləsinin 99-6.3-cü və 99-7.2-ci maddələrində nəzərdə tutulmuş cinayət-hüquqi tədbirlərin aşağı və yuxarı həddinin orta həddindən aşağı cinayət-hüquqi tədbir təyin edilə bilməz.

Cinayət Məcəlləsinə yuxarıdakı məsələ ilə bağlı, hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilməsi üçün tələb olunan müddəti adlanan 99-10-cu maddənin əlavə olunması nəzərdə tutulur. Buna görə, hüquqi şəxs aşağıdakı hallarda əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilir:
99-10.1.1. böyük ictimai təhlükə törətməyən cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən bir il keçdikdə;
99-10.1.2. az ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən iki il keçdikdə;

99-10.1.3. ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən altı il keçdikdə;

99-10.1.4. xüsusilə ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən səkkiz il keçdikdə.

Qeyd olunan müddətlərə nəzər salsaq onların məhkumluq ilə eyni olduğunu görə bilirik. Bu isə faktiki olaraq hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirin də fiziki şəxslərə təyin olunan cəzalar kimi məhkumluğa analoji hesab olunan məhdudiyyət yaratması, həmçinin fiziki şəxslərə cəza təyin olunarkən residivə görə daha ağır cəa təyin edildiyi kimi, hüquqi şəxslər barəsində də daha ağır cinayət hüquqi tədbilərin tətbiq olunmasını görə bilirik.

Residivdən fərqli olaraq hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilməsi üçün ehtiyatsızlıqdan törədilmiş cinayətlərin nəzərə alınmaması ilə bağlı istisna görə bilmirik. Bu ona görədir ki, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər yalnız qəsdən törədilmiş əməllərə görə tətbiq olunur.

Paylaş
Xəbər lentİ