Şlyapa Ramiz yenidən həbs olunub- 42 milyonluq ittihamla

Oxunma sayı: 164
19-07-2023, 21:30

Şlyapa Ramiz yenidən həbs olunub- 42 milyonluq ittihamla

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə müstəntiqin vəsatəti əsasında 18 iyul 2023-cü ildə Bakı şəhəri Səbail rayon məhkəməsinin hakimi Ülviyyə Şükürovanın qərarı ilə Niftəliyev Zahid Gülsəfa oğlu barədə həbs qətimkan tədbiri seçilib.

APA xəbər verir ki, Müdafiə Nazirliyinin məşhur sabiq əməkdaşı, “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev barədə 42 milyon manatdan çox zərərvurmaya dair ittiham irəli sürülüb.

Belə ki, iş materiallarına əsasən Niftəliyev Zahid Gülsəfa oğlu kredit almaq məqsədi ilə “Şahin-CO” MMC yaratmış, təsərrüfat və maliyyə vəziyyəti barədə ATABANK ASC-yə saxta məlumatlar təqdim edib 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurmuş, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə etmiş, kreditin ləğv prosesində olan ATABANK ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir.

Qeyd edək ki, hazırda ləğv prosesində olan bankların çoxsaylı əmanətçilərinə vəsaitlərinin ödənilməsi məqsədi ilə iri həcmli kreditlərin ilkin qaytarılmasının təmin edilməsi istiqamətində dövlət orqanları tərəfindən zəruri işlər həyata keçirilir.


"AzPolitika" xatırladır ki, Z.Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

Nəcməddin Sadıkovun yaratdığı Koordinasiya (Yoxlama) Şurasının da əməkdaşı olan Zahid Niftəliyevin şübhəli yollarla böyük sərvətə sahib olduğu deyilirdi. Həmin əmlakların siyahısı da yayılmışdı:
Ətraflı

1. Qəbələ rayonunun Vandam kəndinin girəcəyində hərbi hissənin materialları hesabına özünə çox böyük həyəti olan evi tikdirib,

2. Yasamal rayonu, Şərifzadə küç. 16 ünvanında generalların binasında evi, böyük sahəyə malik olan qarajı var,

3. Yasamalda, "Su Doldurma Məntəqəsi"nin yaxnlığında yeni tikilən binada 4 otaqlı mənzili,

4. 8 Noyabr Prospektində, Həzi Aslanov metrosunun yaxınlığında keçmiş 227 nömrəli hərbi hissənin yerində 10 sot torpaq sahəsi,

5. Siyəzəndə (doğulduğu yerdə) böyük villası,

6. Yasamalda Ə. Əhmədov küç, ev 31A ünvanında mənzil,

7. Orduya kömək məqsədilə "Atabank"dan Zahidin adına 90 milyon pul götürülmüş, vəsaitin 38 milyon manatı mənimsənilib.

8. Adamın adına "ŞAHİN-CO" MMC və oğlu Həzrətin adına olan "Həzrət" MMC şirkətləri.

Zahid Niftəliyev və ya vəkilləri bu siyahı haqqında heç nə deməyiblər.

Paylaş
Xəbər lentİ