Hotellərdən ayda 50 manat, rəislərdən 100 manat alan sayt rəhbəri qərardan şikayətçidir

Oxunma sayı: 1
Bu gün, 08:40

Hotellərdən ayda 50 manat, rəislərdən 100 manat alan sayt rəhbəri qərardan şikayətçidir
“Azerinfo.az” saytının rəhbəri İbrahim Hümbətovun barəsindəki qərardan kassasiya şikayəti verilib.



Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.



Xatırlatma: İbrahim Hümbətov 2023-cü ilin dekabr ayında vətəndaşlardan daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.



O, şantaj və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olub.



İbrahim Hümbətov Xətaidə “Dalğa”, Suraxanıda isə “Maral” adlı hotellərin icarədarını hədələyib. Adı çəkilən obyektlərin əxlaqsızlıq yuvası olduğunu deyərək 2021-ci ildən başlayaraq pul tələb edib. Hotellərin sahibindən 2023-cü ilə qədər müxtəlif məbləğlərdə pul alıb.



İstintaq zamanı onun Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisindən, Göyçay İdarəetmə və Texnologiya Kollecinin direktorundan və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional İdarəsinin rəisindən də pul aldığı məlum olub. Onlardan barələrində həqiqətə uyğun olmayan məlumatlar yayacağını deyərək pul alıb.



İbrahim Hümbətov özünü təqsirli bilməyib.



Onun barəsində Cinayət Məcəlləsinin 1822.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham edilib.



Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Paylaş
Xəbər lentİ