Livanın Baş nazirinin müavini, iqtisadiyyat üzrə professor Saad Əl-Şami dövlətin və Mərkəzi Bankın müflis olduğunu elan edib.
Maraqlıdır, bir ölkənin müflis olmasının əsas səbəbi nədir? Livan bu vəziyyətə necə gəldi? Livanın müflis olması hansısa ölkələrə mənfi təsir edəcəkmi?
Arasdırma.info xəbər verir ki,mövzu ilə bağlı Gundem.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, ölkələrin müflis olmasının əsas göstəricilərindən biri vaxtında düzgün maliyyə siyasətinin həyata keçirilməməsidir:
"Livanın müflis olmasının əsas səbəbi hökümətin vəziyyəti əvvəlcədən düzgün proqnozlaşdırmağı bacarmamasıdır. Vaxtında proseslərin düzgün analiz edilməməsi, normal iqtisadi qərarların alınmaması hökümətlərin müflis olmasına səbəb olur. Müflis olan ölkənin yenidən dirçəlməsi, eyni zamanda öz vətəndaşlarının sosial rifahını təmin etməsi, ölkəyə xarici kapitalın daxil edilməsi ciddi problemə çevrilir. Livanda uzun müddətdir, ciddi siyasi qarşıdurmalar var idi. Təbii ki bu qarşıdurmaların nəticəsində də indiki mənzərəyə şahidlik edirik.. 2000-ci illərdən bu vaxta qədər xeyli sayda Livan şirkəti ölkəni tərk edərək kapitallarını xaricə çıxarırdılar. Nəticədə ölkədən çıxan pul kütləsi, iqtisadi sistemi ayaqda tutan islahatların həyata keçirilməməsi Livanın bu vəziyyətə düşməsi ilə nəticələndi".
Politoloqun fikrincə, bundan sonra vətəndaşların banklarda olan pullarının qaytarılmaması prosesi başlayacaq:
"Bu da insanların maddi vəziyyətinin pisləşməsinə səbəb olacaq. Əmanətlərini ala bilməyən Livan vətəndaşları etiraz aksiyalarına başlayacaqlar. Bu da vətəndaş müharibəsini alovlandıra bilər. Livanın müflis olması onunla qonşu olan ərəb dövlətlərinə mənfi təsir göstərə bilər. Çünki istər-istəməz qonşu ölkələrlə müəyyən əlaqələri var idi. Ticarət sahəsində müəyyən alış-verişlər edirdilər. Lakin indi Livanla qonşu olan ölkələr də müflis olmuş bir ölkə ilə hər hansı ticarət əməliyyatı apara bilməyəcək. Ümumilikdə isə Livanda yeni hakimiyyət qurulduqda sonra da müflis olmuş ölkənin büdcəsini ayağa qaldırmaq üçün uzun müddət lazım olacaq".
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70