AZALA qarşı xəyanət və Roza Zərgərlinin Kadırov sevdası....

Oxunma sayı: 7
Dünən, 21:17

AZALA qarşı xəyanət və Roza Zərgərlinin Kadırov sevdası....
Tanınmışjurnalist Sima Babayeva yazır :
Roza Zərgərli Kadırovla fotolar paylaşıb. Gülümsəyir. Çeçenistan rəhbərinə "böyük şərəf", "xüsusi xəzinə", "dərin minnətdarlıq" yazır.
Kadrlar gözəldir — saç düzümü, işıqlandırma, poza. Hər şey mükəmməl.
Mən isə o kadrlara baxanda başqa bir şey görürəm.
2024-cü il, 25 dekabr. Yeni ilin astanasında.
Bakıdan Qroznıya gedən AZAL-ın 8432 saylı reysi Dağıstan üzərindən keçərkən Rusiya hava müdafiəsinin raketi ilə vurulur.
Uçuş qeydiyyatı sistemləri söndürülür, pilotlar Rusiyadan hər hansı bir hava limanına enməyə icazə istəyir — rədd olunurlar. Aktau yaxınlığında eniş zamanı 38 nəfər həyatını itirir.
Otuz səkkiz azərbaycanlı.Bütün bunlar oldu. Bütün bunlar hər bir azərbaycanlının yaddaşına od kimi hopdu.
Və indi Roza xanım Çeçenistan rəhbərinin önündə dayanır, fotoqrafın istiqamətinə baxaraq sevinclə gülümsəyir, Kadırova "incəsənətə böyük dəyər verdiklərinə görə" təşəkkür edir.
Elə bil o 38 nəfər olmayıb. Elə bil o deşik-deşik olmuş gövdənin fotosu sosial şəbəkələrdə dolaşmayıb. Elə bil millət yas tutmayıb.
Sənət mövzusunu gündəmə gətirəcəyəm: incəsənətin dili dünyəvidir, mən bunu bilirəm. Müğənni Moskvada, Londonda, istənilən yerdə çıxış edə bilər — bu hüququnu kimsə əlindən ala bilməz.
Amma hər hüququn bir zamana, bir vicdana, bir kontekstə bağlı olduğunu da unutmaq olmaz.
Çeçenistan sadəcə coğrafi bir məkan deyil.
Kadırov sadəcə bir rəhbər deyil. O, Kremlin Qafqazdakı uzun əlinin barmaqlıdır. Rusiya hava müdafiəsinin Dağıstan üzərindən nəzarət etdiyi məkanda, bizim 38 həmvətənimizin ruhlarının hələ dincliyini tapmadığı bu aylar, günlər ərzində — rəsmi görüş, birgə foto, minnətdarlıq paylaşımı.
Mən bunu anlamaq istəyirəm, amma anlaya bilmirəm.
Bəlkə gəlir məsələsidir. Bəlkə menecerin tövsiyəsidir.
Bəlkə Soçi, Anapa, Gelencik turnesinin bir hissəsidir. Bütün bu şəhərlərin siyahısına baxanda görürəm ki, bu, bir sənət səfəri yox, Rusiya bazarına tam boyun əymənin xəritəsidir.
Qərb məni çağırır — yazıb; beş ştat, Amerika. Amma əvvəlcə Çeçenistanda Kadırovla fotoşüar.
Bu, bir müğənninin özəl seçimidir. Hər kəs öz qiymətini özü qoyur.
Amma onu da bilirəm ki, tarix bu cür anları hafizəsinə yazır. Kim nəyin ortasında nəyin yanında durdu — bu unudulmur.
Otuz səkkiz nəfər var ki, onlar artıq heç bir konsertin tamaşaçısı olmayacaq. Onların ailələri var ki, hər gün yalnız bir şey düşünürlər: ədalət nə vaxt gələcək? Onların yaddaşı var ki, hər foto, hər "böyük şərəf" yazısı, hər gülümsəyiş bu yaddaşa bir xəyanət kimi çırpınır.

Paylaş
Xəbər lentİ