Biləsuvarda keçirilən əməliyyatlarda 12 kiloqrama yaxın narkotik və silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakinləri Elmir Salmanov və Kamran Dadaşzadə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində saxlanılıblar.
Bildirilib ki, Elmir Salmanovun üzərindən və Kamran Dadaşzadəyə məxsus avtomobildən 12 kiloqram narkotik, o cümlədən 5 kiloqram psixotrop maddə metamfetamin, 5 kiloqram tiryək, 2 kiloqrama yaxın həşiş qətranı, heroin, marixuana və 400 ədəd metadon həbi aşkarlanaraq götürülüb:
"Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində saxlanılan rayon sakini Elgün Həsənovdan isə 1 ədəd “PA-63” markalı tapança, həmin silaha aid sandıqça, 6 ədəd patron və 1 ədəd gecəgörmə cihazı aşkarlanaraq götürülüb.
Qeyd edək ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son 1 ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 20 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 25 kiloqramdan artıq narkotik vasitə çıxarılıb", - məlumatda bildirilir.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70