![]()
Ötən gün xalqımız Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrdən biri olan Zəfər gününün – Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbənin 5-ci ildönümünü qeyd etdik. Bu Zəfər milli yaddaşımıza, dövlətçilik tariximizə silinməz izlərlə parlaq və əbədi həkk olunmuşdur və illər, əsrlər ötsə də, nəsillər dəyişsə də bu qələbə əsla unudulmayacaqdır.
Xalqımızın tarixində bir çox unudulmaz təqvimlər, Azərbaycan dövlətçiliyi baxımından vacib, taleyüklü məqamlar olmuşdur. Azərbaycan xalqı öz dövlətini qurmuş, uzun illər təzyiqlərə, hər cür məhrumiyyətlərə baxmayaraq, müstəqilliyini bərpa etmiş və bu gün öz taleyinin, müstəqil dövlətinin sahibi olan xalqlardan biri kimi, gələcəyə inamla addımlayır. Bu gün dünyada 4 minə yaxın xalq var və Azərbaycan xalqı bu tarixi nailiyyəti, xoşbəxtliyi yaşayan xalqlardan biridir. Lakin xalqımızın müstəqillik yolu heç də hamar olmamış, Azərbaycan xalqı və dövləti çoxsaylı problemlər və təhlükələr qarşısında qalmışdır. 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra xalqımızın üzləşdiyi iqtisadi, siyasi, ideoloji və mənəvi böhranla yanaşı, torpaqlarımızın Ermənistanın işğalına məruz qalması və ərazi bütövlüyümüzün pozulması əsrin sonlarında milli dövlətçiliyimiz üçün çox ciddi həllivacib vəzifələr müəyyənləşdirmişdir.
44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfər yürüşünün, çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifələrini təşkil edir. Təkcə ona görə yox ki, 44 gün ərzində Azərbaycan Ordusu qarşısına qoyulan vəzifələri ən layiqli şəkildə yerinə yetirmişdir. Həm də ona görə ki, Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə yüksək peşəkarlıq, qətiyyət və qəhrəmanlıq örnəyi göstərərək, dünya hərb tarixinə də öz adını qızıl hərflərlə yazdırmışdır. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd, çoxsaylı strateji yüksəkliklər düşmənin işğalından azad olunmuş, Ermənistan ordusu şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın edilmişdir. İşğalçı ölkə Azərbaycanın Şanlı Ordusu qarşısında duruş gətirə bilməyəcəyini dərk etmiş və diz çökmüş, kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur. Bu tarixi qələbə sayəsində Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edərək həm tarixi ədaləti, həm də ərazi bütövlüyümüzü bərpa etmiş, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalan qətnamələrini öz gücü, qüdrəti hesabına həyata keçirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanata görə isə Ağdam, Laçın və Kəlbəcər rayonları da Azərbaycana qaytarılmışdır.
Lakin Ermənistan 2020-ci ildə imzalanan sözügedən sənədlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmış, müxtəlif hərbi və siyasi təxribatlarını davam etdirmişdir. Bu təxribatlar isə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın lokal antiterror tədbirləri görməsinə gətirib çıxarmış, 23 saat davam edən tədbirlər də hərb tariximizin yeni şanlı səhifəsini təşkil etmişdir. Bu tədbirlər nəticəsində Azərbaycan ərazisində qanunsuz qalan Ermənistan silahlı birləşmələri və terrorçu qruplar darmadağın edilmiş, Ermənistanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilmişdir.
Beləliklə, Azərbaycan Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymuşdur. Bu gün Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ başlamış, ölkəmizin qarşısında yeni vəzifələr müəyyənləşmişdir. Azərbaycan dövləti 30 illik işğal dövründə tamamilə dağıdılan, talan olunan yurdlarımızın, şəhər və rayonlarımızın ən yüksək səviyyədə yenidən qurulması, orada həyatın bərpa olunması, məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması üçün bütün imkanları səfərbər etmişdir. Həmin ərazilərdə ən müasir şəhərsalma nümunələri, texnologiyaları tətbiq etməklə, "ağıllı şəhər" və "ağıllı kənd"lər inşa olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri geniş vüsət almışdır. Prezident İlham Əliyev və ölkəmizin Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva mütəmadi olaraq, həmin ərazilərə səfərlər edir, həyata keçirilən işlərə birbaşa özləri nəzarət edir. Möhtərəm Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bundan sonra heç bir qüvvə, heç bir güc Azərbaycan xalqını öz tarixi torpaqlarından tərpədə bilməz: "Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!".
Elnur Əhmədov, ixtisas seçimi və karyera üzrə mütəxəssis
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70