![]()
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Cümhuriyyət” qəzetinə açıqlamasında bir çox vacib məsələyə toxunub. Səfir həmçinin Türkiyə–Ermənistan sərhədinin hansı halda açılacağı ilə bağlı sualı cavablandırıb. Rəşad Məmmədov bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşması və sərhədin açılması prosesini Türkiyə Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə yürüdür. Rəsmi Bakı və Ankara daimi olaraq məsləhətləşir, fikir mübadiləsi aparılır.
Səfir sərhədlərin açılmasının isə 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra mümkün ola biləcəyini vurğulayıb. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına əsas yaradan müddəalar var və bunların aradan qaldırılması vacibdir. Yalnız sözügedən maddələr Konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalana, normallaşma prosesi sürətləndirilə, paralel olaraq Türkiyə–Ermənistan sərhədinin açılması məsələsi də mümkün ola bilər. Yəni, bütün proses Ermənistandakı seçkilərin nəticəsindən və İrəvanın addımlarından asılıdır.
Məqsədli qarayaxma planı
Lakin Türkiyədəki müəyyən qruplar səfirin açıqlamalarını fərqli məzmuna yozaraq Azərbaycan əleyhinə aparılan kampaniyanı genişləndirməyə çalışırlar. Rəşad Məmmədovun açıqlamasını sanki Bakı Ankara ilə İrəvan arasında normallaşma və sərhədlərin açılması prosesinə mane olurmuş kimi təqdim edirlər. Bunu edənlərin isə məqsədi bəllidir: iki qardaş xalqı bir-birinə qarşı qoymaq.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildirib ki, Ankara-İrəvan normallaşma prosesi Bakı-İrəvan normallaşmasından asılıdır. Ərdoğan Türkiyənin proses zamanı Azərbaycanın haqlarına zərər gəlməsinə əsla icazə verməyəcəyini deyib. Bəli, səfir Rəşad Məmmədovun açıqlamaları da məhz Türkiyə liderlərinin bəyanatları ilə səsləşir. Səfir də Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasının tərəflər üçün ən vacib şərt olduğunu vurğulayıb.
Həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan da ötən ilin noyabr ayında açıqladı ki, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasından dərhal sonra Ankara sərhədləri açacaq. Hakan Fidan da Türkiyə liderinin “Bakı ilə koordinasiyalı proses” fikirlərini dəfələrlə səsləndirib. Yəni Azərbaycan səfirinin açıqlamasında qeyri-adi heç nə yoxdur.
Məsələn, Azərbaycan da Suriya ilə münasibətləri, bu ölkədə görülən işləri Türkiyə ilə məsləhətləşmələr əsasında, koordinasiyalı şəkildə yürüdür. Bu, müxtəlif səviyyələrdə dəfələrlə vurğulanıb.
Türkiyədə müəmmalı qüvvələrin kampaniyası
Azərbaycan və Türkiyə hərbi sənaye, ordu, ticarət, iqtisadiyyat, energetika, xarici siyasət, təhsil, quruculuq və s. bir çox sahə üzrə prosesləri sinxron şəkildə yürüdür. İki ölkənin siyasəti daimi fikir mübadiləsi əsasında bir-birinə uyğunlaşdırılır. Azərbaycan səfirinin açıqlaması bu baxımdan sadəcə Bakı və Ankara rəsmilərinin açıqlamalarının fərqli bir səviyyədə dilə gətirilməsidir. Yenilik deyil.
Sərhəd mövzusunda bu anti-kampaniyanın məhz Türkiyənin Ermənistanla normallaşma üzrə nümayəndəsi Sərdar Kılıçın İrəvana səfəri, Ani körpüsünün bərpası qərarının təsdiqlənməsindən sonra ortaya atıldı. Maraqlıdır ki, Serdar Kılıçın Ermənistan mediasına sensasiyalı açıqlamaları Türkiyə ictimaiyyətində qəti şəkildə qabardılmadı, diqqət çəkmədi. Amma Rəşad Məmmədovun rəsmi proqrama uyuğun açıqlamaları məzmunundan çıxarılaraq Azərbaycan əleyhinə çevrildi.
Serdar Kılıç Ermənistan mediasına müsahibəsində “Rubenə 30-40 təklif verdim, onların heç biri Türkiyə üçün heç bir fayda güdmürdü. Əsas məqsədim Ermənistanın rifahına töhfə vermək idi”, – deməsi, nə hikmətdirsə, qəti şəkildə qınanılmadı. Bir ölkənin rəsmisinin öz dövlətinin maraqlarını 30 il münasibətləri normal olmayan başqa bir ölkəyə “satması” qabardılmadı, belə görünür normal qəbul edildi.
Ermənistan üçün can yandıran Kılıç, bununla da kifayətlənmədi. Sərhəd məsələsində Azərbaycanı günahlandırdı. Bəli, bu, açıq şəkildə məqsədli və müəyyən dairələrin tapşırığı ilə edilmiş bir addım təsiri bağışlayır. Lakin Bakı və Ankara bir-biri ilə tam uyğunluq içindədir. O zaman Kılıça və hazırda onun fikirlərini dəstəkləyərək səfir Rəşad Məmmədovu hədəf alan təbliğatçı qrupa bu tapşırığı kim verib? İlk növbədə araşdırılmalı məsələ budur.
Azərbaycan və Türkiyənin münasibətləri hər hansı şəxslər, qruplar, qüvvələrin həmlələri ilə zərər görəcək qədər zəif, həssas deyil. Bu qruplar iki ölkənin əlaqələrini hədəf alacaq gücdə olmadıqlarının fərqindədirlər. Ona görə də, oyun məhz Türkiyə xalqının duyğuları üzərindən qurulur, spekulyasiya və manipulyasiya formalaşdırılır.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70