Arasdırma.info xəbər verir ki,bakupostun"Sabir Rüstəmxanlı söhbətləri" layihəsinin növbəti buraxılışı 1990-ci ilin 20 Yanvar hadisələrinə həsr olunub.
Bu hadisələrin bilavasitə iştirakçısı olan Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Bakupost.az -a müsahibəsində qanlı hadisələrin məzmunu, mahiyyəti ilə yanaşı bir sıra detalları barədə də danışıb.
Millət vəkili qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixinə həm şərəfli bir gün - qəhrəmanlıq tariximizin bir səhifəsi, həm də bir faciə kimi düşüb:
"Mən o günlərin həm faciəvi, həm də qəhrəmanlıq tərəfini görmüşəm. O günlərdə yaşadıqlarımız hamısı gözümün önündən keçir. 20 Yanvar əslində Sovet hökumətinin Azərbaycana dərs vermək istəyindən doğmuşdu.
Azərbaycanda xalq ayağa qalxmışdı. 1988-ci ildən başlayaraq, meydanlar dolub daşırdı. 1988-ci ildə 18 günlük Meydan epopeyasının aparıcılarından biri olmuşam. 1989-cu ildə də mintinqlər davam edirdi. 1989-un sonunda, nəhayət, Moskvanın tutduğu xəyanətkar mövqeni görən dünya azərbaycanlıları Naxçıvanda, Cəlilabadda sərhədləri sökmüşdü. Buna Moskva mətbuatı çox böyük reaksiya vermişdi ki, Azərbaycan xalq hərəkatının üzvləri SSRİ-nin sərhədlərini dağıdırlar, Azərbaycanı SSRİ-dən qoparmaq və müstəqil dövlət qurmaq istəyirlər. Beləliklə, Moskva Azərbaycana bir dərs vermək, gözümüzü qorxutmaqla SSRİ-nin başqa bölgələrində milli azadlıq hərəkatlarının qarşısını almaq istəyirdi".
S.Rüstəmxanlı qeyd edib ki, bu proses əslində 1988-ci ildə də baş verə bilərdi:
"Həmin vaxt da qoşun yeridilmişdi. Amma o vaxt xalq həmin qoşunu sakit qarşılamışdı. Tankların lülələrinə qərənfil taxmışdılar. Əsgərlərimiz ölkənin müxtəlif yerlərindən gələn hərbçilərlə dostlaşmışdılar. Ona görə də meydanda qan tökülməmişdi. 1990-cı ildə isə artıq Bakıda köhnə Sumqayıt hadisələrini təkrar etmək şəraiti yaranmışdı. Çünki Ermənistandan köçürülən 10 minlərlə evsiz-eşiksiz insan gəlib Bakıya dolmuşdu. Bakıda isə erməni və ruslar rahat yaşayırdılar. Ruslar yenə də yaşayır. Amma ermənilər bir tərəfdən bizim torpaqlarımızı ələ keçirmək istəyir, digər tərəfdən də Ermənistandan azərbaycanlıları qovurdular. Üstəlik, bütün dünyaya bəyan edirdilər ki, guya Bakıda erməniləri sıxışdırırlar. Bunun üçün də Moskva "KQB"-sinin əli ilə bir neçə təxribat xarakterli hadisələr törədilirdi ki, qoşunun Bakıya girməsi üçün fakt, bəhanə olsun. Beləliklə, müxtəlif istiqamətdən "səbəblər" toplanmışdı. Amma Bakıda buna ehtiyac yox idi. Mən şəxsən buna qarşı o vaxt sözümü demişdim. Demişdim ki, ölkə rəhbərliyi Azərbayacanı müdafiə etmək istəyirsə, özünün polisi, hərbi hissələri və gücü var, zəhmət çəkib onları sərhədlərimizə göndərsin. Xalq hərəkatına belə bir şans verməklə əslində bizi tora salırdılar. Hədəfə çevirirdilər ki, guya xalq hərəkatı silahlanıb. Ordu Bakıya girəndə bu bəhanəyə haqq qazandırmaq üçün Moskva tərəfindən bir çox evlərin üstünə silahlılar yerləşdirmişdilər, sanki onlar orduya müqavimət göstərir".
Deputat bildirib ki, belə mürəkkəb şəraitdə Moskva öz əlində olan bütün hərbi gücləri havadan, qurudan və sudan Bakıya yönəltdi:
"Sanki bir yad ölkəyə hücum başlandı. Halbuki Bakı İkinci Dünya savaşında faşizmə qarşı mübarizədə SSRİ-ni xilas etmişdi. Buna görə minnətdar olmaq, Bakıya qəhrəman şəhər adı vermək əvəzinə düşmən şəhəriymiş kimi hücum olundu. Hücuma başçılıq edənlər Moskvadan gəlmiş hərb maşının rəhbərləri idi - Yazov, Bakatin, Razumovski və başqaları. Həm siyasi rəhbərlikdən, həm də hərbi rəhbərlikdən gəlib Bakıda 10 gün əvvəldən hazırlıq görürdülər. Yalandan televiziyada Razumovski çıxıb deyirdi ki, ordu yeridilməyəcək, ordu sərhədlərə və Dağlıq Qarabağda SSRİ qanunlarına tabe olmayan erməniləri yerində oturtmaq üçün gəlib. Amma niyyət başqa idi. Niyyət əvvəldən də bilinirdi, əslində. Qorbaçovun hücum taktikası bəlli idi. Əslində Çexoslovakiya, Macarıstan, Almatı, Tiflis, Vilnüs hadisələrindən sonra Bakıya ordunun yeridilməsinə bəhanə yox idi. Amma bu işğalçı rejimə bəhanə lazım deyildi. Onlar bəhanəni özləri uydururdular".
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70