Xəbər verdiyimiz kimi, ölkədə yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq.
Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O qeyd edib ki, "Mərkəzi Bank haqqında" Qanuna dəyişiklikdə bu məsələ də nəzərdə tutulur: "Valyuta mübadilə məntəqələrinin fəaliyyəti müstəsna fəaliyyət kimi nəzərdə tutulur. İnstitusional valyuta mübadilə məntəqələri biznesi kimi bu iş planlaşdırılır. Yəni kiçik yox, institusional valyuta mübadilə şöbələrinin yaradılması nəzərdə tutulur".
Xatırladaq ki, ölkədə “exchange”lərin fəaliyyəti 2016-cı ildən dayandırılıb. “Valyuta tənzimi haqqında” Qanuna edilən dəyişikliklərə görə, 2018-ci ildən Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanılıb. Bunun üçün müəyyən tələblərə əməl olunması ilə yanaşı, girov vəsait tələb olunur.
Məsələylə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, uzun müddət ölkədə valyuta dəyişmə məntəqələri bağlı qaldı, təkcə banklar vasitəsilə mübadilənin həyata keçirilməsi mümkün idi.
Lakin son bir neçə ildə valyutadəyişmə məntəqələrinin açılması üçün kriteriyalar elan olundu və lisenziyaların verilməsinə başlanıldı. Yəni bu sahədə müəyyən yumşalmalar həyata keçirildi. Hazırda valyuta dəyişmə məntəqəsi açmaq üçün lisenziya alanlar azdır. İnstitusional valyuta mübadilə şöbələrinin yaradılmasına gəlincə, iqtisadçı qeyd edib ki, ola bilər, ya bir yaxud, bir neçə böyük şirkət lisenziya alıb ölkə üzrə şəbəkə yaradacaq, ya da bankların öz şəbəkələrini yaratması və genişləndirməsi ilə bağlı qərar veriləcək:
"Bu sahədə də rəqabətli mühitə ehtiyac var. Valyuta dəyişmə məntəqələrinin xarici görünüşü insanları az maraqlandırır. Hətta Avropanın bir çox şəhərlərində kiçik valyuta dəyişmə məntəqələri fəaliyyət göstərir və bu, əhali üçün daha rahatdır. Əgər biz turizmi inkişaf etdirmək istəyiriksə, turistlərin valyuta dəyişməsini daha da asanlaşdıran addımlar atmalıyıq. Azərbaycanın bölgələrində bu məsələ ciddi problemdir".
Ekspert hesab edir ki, banklardan kənarda fəaliyyət göstərən sırf valyuta dəyişmə məntəqələri olmalıdır:
"Bu, dünyada geniş yayılmış praktikadır. Əsasən də turizmi inkişaf etdirmək istəyən ölkələrdə bu, çox geniş yayılıb. Əgər Azərbaycan bununla bağlı model axtarırsa, ən uğurlu modellərdən biri Türkiyə modelidir. Hesab edirəm ki, Türkiyə modelinin ölkədə tətbiqi daha uyğundur və bəzi problemləri də aradan qaldıracaq. Məsələn, bazar günləri valyuta dəyişdirmək olmur, bəzən xarici turistlər, əhali buna görə çətinlik çəkir. Yaxud da saat 17.00-dan sonra bir çox yerlərdə valyuta mübadilə məntəqələri işləmir. Bu da "qara bazar"ın yaranmasına səbəb olur. Yəni tələb olan yerdə təklif olmursa, bu, "qara bazar"ın artmasına səbəb ola bilər".
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin apardığı valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddinin müəyyən ediləcəyi məsələsinə gəlincə, Natiq Cəfərli bildirib ki, onsuz da indiyədək valyuta dəyişmədə qeyri-rəsmi limit var idi, indi isə bunu qanuniləşdirmək istəyirlər. Yəni limit məsələsini qanuni şəklə salmağa çalışırlar. İndiyədək qeyri-rəsmi olaraq hər bir vətəndaşa il ərzində 20 min manatadək valyuta dəyişmə limiti qoyulub:
“Fikrimcə, bu limitin qoyulması doğru deyil. Ümumiyyətlə, valyuta, maliyyə alətləri ilə bağlı istənilən məhdudiyyət investorlar tərəfindən pis qarşılanır”.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70